Ağdamda dərslər çadırda keçirilib – FOTO

Bir müddət əvvəl Eduxeber.az olaraq Ağdam rayonunun Təhsil Şöbəsində baş verənlər, yarıtmaz idarəçiliyin nəticəsində Ağdam təhsilində yaranmış acınacaqlı vəziyyət haqda ətraflı məlumat vermişdik. Təəssüflər olsun ki, Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın məktəblərə qazanc mənbəyi kimi baxmasının nəticəsində Ağdam rayon Təhsil Şöbəsinin tabeliyində olan orta məktəbləri daha çətin vəziyyət gözləyir.

Sosial şəbəkələrdə Ağdam rayonundan acınacaqlı mənzərə əks etdirilmiş fotolar paylaşılıb. 

Eduxeber.az AzEdu.az -a istinadən xəbər verir ki, rayonun Alıbəyli-2 qəsəbəsində karantin dövrünə qədər şagirdlərə tədris prosesi bu çadırda aparılıb. Kənd sakinləri mövcud vəziyyətdən narahatlıqlarını bildiriblər.

Məsələ ilə bağlı sorğumuza Təhsil Nazirliyindən verilən cavabda hazırda məktəbin fotoda göründüyü halda olduğu təsdiq olunub.

Bildirilib ki, Ağdam rayon Alıbəyli-2 qəsəbə tam orta məktəbinin təmir-tikinti işləri ilə bağlı məsələ investisiya proqramında nəzərdə tutulacaq.