Birinci təqdimat: Abbasqulu ağa Bakıxanov- Məlahət Mürşüdlü yazır.

Tanınmış Təhsil eksperti Məlahət xanım Mürşüdlü ilə birlikdə “TƏHSİLİMİZİN SİMALARI” rubrikasına start verdik.

Xahişimizi qəbul etdiyinə, zəhmət çəkib tədqiqatlarını bizimlə paylaşdığına görə Məlahət xanıma təşəkkür edirik.

Abbasqulu ağa Bakıxanov Azərbaycan elmi tarixində mühüm rolu olan böyük alimdir. O, “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazanmışdır.

Onun dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və s. elmlərə aid əsərləri onun çoxcəhətli bir alim olduğunu göstərməkdədir.

Abbasqulu ağa Bakıxanov pedaqoji məsələlərlə də çox ciddi məşğul olmuş, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar olan iki əsər yaratmışdır ki, bunlardan biri “Təhzibül-əxlaq”, digəri isə “Kitabi-nəsihət”dir.

Azərbaycan və Dağıstan xalqlarının tarixinə aid olan “Gülüstani-İrəm” Abbasqulu ağa Bakıxanovun ən böyük elmi əsəridir. Əsər ilk məxəzlər əsasında, müəllifin uzun illər bu sahədə apardığı ciddi tədqiqatın nəticəsində yazılmışdır.

“Əziz dost! Sən – insansan. Uca Allah insanı dünyada hər şeydən yaxşı yaratmışdır. Məgər sən ən böyük və güclü heyvanların insanın qarşısında aciz olduğunu görmürsənmi? Bu sənin elmləri bilməyin sayəsindədir. Cəmiyyətdə öz işini yaxşı bilənə, xeyirxahlıq edənə həmişə hörmət vardır. Deməli, bir nəsihət olaraq insanlardan xeyirxahlıq etməyi, təcrübələrlə müəyyənləşmiş nəyin yaxşı, nəyin pis olduğunu, və elmlərə yiyələnməyin üsullarını oyrənməliyik.”

Alim, yazıçı, diplomat Abbasqulu ağa Bakıxanovun (Qüdsi) (1794-1847) XIX yüzilliyin əvvəllərində yazdığı “Nəsihətnamə”sindən gətirdiyim bu sitat fikrimcə, bu gün də aktualdır.

Bəs biz necə, nəsihətə əməl edirikmi?