Bakı Şəhəri üzrə Təhsil İdarəsi sosial-maarifləndirmə layihəsinə start verib.

EDUXEBER.AZ xəbər verir ki, “Məktəb psixoloqundan tövsiyələr” adlı sosial-maarifləndirmə layihəsinin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.

Layihə çərçivəsində BŞTİ- nin tabeliyindəki məktəblərdə çalışan  psixoloqların müvafiq mövzular üzrə hazırlanmış yığcam videomüraciətləri ictimaiyyətə təqdim olunacaq.

Videomüraciətlərdə mövcud tibbi-profilaktik vəziyyət səbəbindən evdə qalan şagirdlərin, eləcə də bütün vətəndaşların mənəvi-psixoloji dəstəyə zərurət duyduğu mövzularla bağlı müvafiq tövsiyələr veriləcək.