Bu şəxslərin magistratura xərclərini dövlət ödəyəcək

Azərbaycan hökuməti valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş tələbələrin magistratura xərclərini öz üzərinə götürür.

EDUXEBER.AZ xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Təhsil haqqında” qanuna dəyişiklik edilib.

Qanunun 14-cü maddəsinə (Təhsil müəssisələri) təklif olunan dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Qeyd edək ki, indiyə qədər dövlət valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş şəxslərin bakalavr səviyyəsində xərclərini öz üzərinə götürüb. /azvision.az

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.