DİSTANT TƏHSİL: MAHİYYƏTİ VƏ ƏHƏMİYYƏTİ

Distant Təhsil – müəllim və tələbənin (şagirdin) fiziki olaraq eyni bir məkanda olma məcburiliyini aradan qaldıran bir sistemdir. Distant təhsil zaman keçdikcə həm inkişaf edir, həm də ki, təkmilləşir. Tarixə nəzər salsaq onda görərik ki, tarix boyu distant təhsili qarşılıqlı əlaqəli elementlərin sistemi kimi təsəvvür edən bir neçə modeli olmuşdur. Qeyd edək ki, bu modellərin hər birində yalnız bir metoddan istifadə edilmiş, təhsilalanla müəllim arasında birbaşa qarşılıqlı əlaqə təmin olunmuşdur.

Distant təhsil zamanı tələbələr və müəllimlər bir-birləri ilə, qarşılıqlı diskusiya yarada bilirlər. Həmçinin belə təhsil formasında tədrisin vəziyyətini və onun xüsusiyyətləri ilə şərtlənən potensial problemlərini də qabaqcadan görmək olar.

Pedaqogika üzrə elmlər doktoru, professor, Hümeyir Əhmədov yazır: “Əgər texnologiyalar və təlim metodu tələbə və müəllimin məqsədləri və imkanlarına cavab verirsə, distant təhsil ənənəvi təhsil forması qədər səmərəli ola bilər”.

Qeyd edək ki, COVID-19 virusunun geniş yayıldığı bu dövrdə dünyanın təhsil arenasında distant təhsilin imkanları getdikcə daha da artır. Bir çox təhsil müəssisələri və hazırlıq kursları fəal şəkildə məktəb eksternatından başlamış ali təhsildə, eləcə də magistratura təhsilində bütün növ distant təhsil imkanlarından istifadə edirlər.

Distant təhsil vasitəsi ilə təhsilin aşağıdakı növlərindən yararlanmaq olar:

1. Ali (bakalvriat üzrə) təhsildə; 2. Magistr təhsilində;

3. Əlavə ali təhsildə;

4. Ortaixtisas (subbakalavr üzrə) təhsilində;

5. Dil öyrənməkdə;

6. Təhsil treninqlərində;

7. İxtisasartırma kurslarında;

8. Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsilində;

9. İşləyən və ya evdən çıxmaq imkanı məhdud olan şəxslərin təhsil almalarında.

Qeyd olunmalıdır ki, təhsilin bütün formalarında olduğu kimi distant formasınında da müsbət və mənfi tərəfləri vardır. Onları aşağıdakı şəkildə quruplaşdıra bilərik:

1. Müəllim və tələbələrin internetə çıxış imkanı;

2. Müəllim və tələbənin xərclədiyi maddi vəsait;

3. Distant təhsildə konkret olaraq istifadə oluna biləcək təlim üsulları;

4. Distant təhsil iştirakçılarının tədris proqramını mənimsəmə səviyyəsi;

5. Mövzuların interaktivlik səviyyəsi və tətbiq edilmə dərəcəsi;

6. Tələbələrin təhsil müddəti;

7. Tələbə və müəllimlərin hazırlıq səviyyəsi.

Qeyd edək ki, distant təhsil prosesində tədrisin keyfiyyətinin yüksəldilə bilməsi üçün yuxarıda sadaladığımız müddəalar daim diqqətdə saxlanılmalıdır.

Bundan başqa distand təhsilin keyfiyyəti seçilən hədəf qrupundan və öyrənmə şəraitindən (öyrənənlərin evdə, iş yerində, universitetdə və s. yerdə olması) də asılıdır.

Bir məsələni də vurğulamaq istəyirəm ki, hər bir müəllim və pedaqoq distant təhsil texnologiyasından istifadə edərkən Beytsin 12 qızıl qaydasını bilməsi faydalı olar. Bu qaydalar aşağıdakılardan ibarətdir:

1. Yaxşı tədris çox şey deməkdir;

2. Hər bir texnologiyanın cəlbedici tərəfləri var, eləcə də distant təhsil texnologiyasınında;

3. Təhsil texnologiyaları çevikdir;

4. Super texnologiya yoxdur;

5. Bütün vasitələri müəllimlər üçün əlçatan edin;

6. Fərqliliyi, əsasən, iqtisadiyyatla əlaqələndirin;

7. Qarşılıqlı əlaqə zəruridir;

8. Tələbələrin sayı kritik bir ünsürdür;

9. Müasir texnologiyalar köhnədən yaxşı deyil;

10. Müəllimlərin texnologiyadan əlverişli şəkildə istifadə etməsi üçün təlimə ehtiyacları vardır;

11. Komanda üzvü olmaq vacibdir;

12. Texnologiya sual deyil.

Onu da qeyd edək ki, distant təhsil üsulları fəal və qeyri-fəal olmaqla da iki yerə bölünür. Fəal üsullarda öz daxilində aşağıdakı kateqoriyalara ayrılır:

1. Audioconferencing – Audio-konfranslar;

2. Videoconferencing – Video-konfranslar;

3. Desktop videoconferencing – İş masasında video-konfrans;

4. Elektron konfranslar. Qeyd edək ki, elektron konfranslarda aşağıdakı qruplara bölünür:

a) e-poçt vasitəsilə;

b) onlayn xidmətlər vasitəsilə.

5. Voice mail – Səsli kommunikasiya;

6. İkitərəfli peyk və mikrodalğalı rabitə;

7. Virtual reality – Virtual gerçəklik.

Qeyri-fəal üsullara aid olunları isə aşağıdakı şəkildə qruplaşdıra bilərik:

1. Çap materialları;

2. Audio-kasetlər;

3. Video-kasetlər;

4. Birtərəfli peyk və mikrodalğalı rabitə;

5. Televiziya və radio proqramları;

6. CD-ROM.

Onu da qeyd etmək lazımdır ki, distant təhsil yalnız bir texniki vasitənin köməyi ilə həyata keçirilmir. Ona görə ki, distant təhsil prosesində müxtəlif texniki vasitələrdən istifadə edilir. Distant təhsilin səmərəli olması üçün isə mütləq yüksək sürətli internet şəbəkəsi olmalıdır.

Azərbaycan Respublikası Təhsil İnstitutunun doktorantı Türkan Əlizadə “Distant təhsilin əsas modelləri və metodları” adlı məqaləsində yazır: “Texnologiyanın yeniliyi bir tərəfdən ona böyük investisiyaların yatırılmasını tələb edir, digər tərəfdən isə pulsuz məhsulların (marketinq məqsədləri üçün) və ya əlavə maliyyələşmənin əldə edilməsi üçün imkan yaradır. Yenilik də texnologiyanın tətbiqi və yayılması üçün lazım olan vaxt ilə yaxından əlaqələndirilir.

Distant təhsil prosesində tədris materiallarından faydalanmaq və düzgün istifadə etmək dərsin əsas uğurverici hissəsidir. Ona görə də, distan dərs zamanı müəllim tərəfindən tədris materialı əyani şəkildə təqdim olunmalıdır. Belə olduqda mövzu tələbələr tərəfindən daha yaxşı mənimsənilər, tələbənin tədris prosesinin və informasiya axınının idarə olunması üçün münasib şərait yaranır. Lakin buna baxmayaraq distant təhsildə müəllimin yükü azalmır. Buna səbəb müəllimin idarəetmə və nəzarət funksiyalarının çoxalmasıdır.

Qeyd edək ki, bu gün distant təhsilin uğurla həyata keçirilməsi üçün ayrı-ayrı çoxsaylı materiallar, proqram və sistemlər vardır. Akademik Həsən Abdullayev distant təhsil üçün proqram məhsullarının təsnifatını aşağıdakı dörd parametr üzrə tətbiq edildiyini göstərmişdir:

1. Funksional təyinat. Bura daxildir ensiklopediyalar (sorğu materialları kimi istifadə olunan geniş VB), virtual universitetlər, kolleclər və test proqramları.

2. Fəaliyyət mühiti. Bura aiddir qeyri-şəbəkə mühitində (məsələn, DOS) test rejimi olan məhsullar, şəbəkədənkənar əməliyyat sistemləri mühitində (məsələn, Windows) qrafik rejimli məhsullar, şəbəkədən istifadə üçün şəbəkə texnologiyasından yararlanan məhsullar və WWW mühitində işləyə bilən məhsullar.

3. İstifadəçi kateqoriyalarının sayı. Bu parametrə isə bunlar daxildir. Şəbəkədənkənar və şəbəkədə mövcud olan bir istifadəçili məhsullar, şəbəkədə biristifadəçili məhsullar, şəbəkədənkənar və şəbəkədə mövcud olan çoxistifadəçili məhsullar.

4. Hipermedia və multimediadan istifadə. Bura isə aiddir ancaq mətn məlumatı olan proqram məhsulları, mətn informasiyaları və qrafik komponentləri mövcud olan proqram məhsulları, hipertext üzrə proqram məhsulları, multimedia imkanlarından faydalanan proqram məhsulları və hipermedia imkanlarını tətbiq edən proqram məhsulları.

Qazi Universitetinin müəlimi Tankut Aslantaş “Uzaktan eğitim teknolojileri ve Türkiye’de bir uygulama” adlı məqaləsində distant təhsil zamanı tələbələrin və müəllimlərin qarşılıqlı əlaqəsi üçün daha çox istifadə olunan internet texnologiyalarını aşağıdakı şəkildə qruplaşdırmışdır:

1. Hipermətnləri olan bir şəbəkədə işləmək texnologiyası – WWW (World Wide Web – “dünya hörümçək toru”);

2. İstehsal formatında faylların şəbəkə üzərində ötürülmə texnologiyası – FTP (Fayl Transfer Protocol – “faylların ötürülməsi protokolu”);

3. Şəbəkə üzrə birbaşa dialoq rejimində başqa şəxslərlə qarşılıqlı münasibətdə olmaq imkanı verən real vaxtda danışıqların təşkili texnologiyası – IRC (Internet Relay Chat – “şəbəkədə növbəli danışıq”);

4. Bir neçə dəqiqədə dünyanın hər hansı bir yerində e-poçt abonentlərinə çatdırılan məktubların göndərilməsi və qəbul olunması, ayrı-ayrı firma və təşkilatlardan şəbəkə abunəçilərinə icmallar, xülasələr və başqa sorğu materiallarının göndərilməsi üzrə məlumat xidməti – E-mail;

5. Uzaq məsafələrdə olan insanların iştirak edə biləcəyi müzakirə materiallarının qəbuledilmə və göndərilmə texnologiyası. Burada məlumat axınını dəstəkləmək üçün fərqli formalarda şəbəkə texnologiyalarından istifadə oluna bilər. Məsələn, e-poçt üzrə telekonfranslar, yaxud operativ rejimdə telekonfranslar, elektron elan lövhələri və televideo konfranslar – Telekommunikasiya və sairə;

6. Kompüter telekommunikasiyası vasitəsi ilə məlumat mübadiləsini təmin edən aparat və proqram vasitələri kompleksi – Bulletin Board System (Elektron Elanlar Lövhəsi).

Qeyd edək ki, distant təhsil zamanı müəllim və tələbələr arasında yaranan informasiya axını iki istiqamətə ayrılır:

1. İnformasiyanın müəllimdən tələbəyə ötürülməsi;

2. İnformasiyanın tələbədən müəllimə ötürülməsi

Daha dəqiq desək distant dərs prosesində müəllimlə qarşılıqlı münasibətdə olan tələbələr qrupu yaranırır. Bu zaman isə məlumat axını müəllimdən bütün qrupa və əksinə, bütün qrupdan müəllimə, tələbədən qrupa və əksinə qrupdan tələbəyə ötürülür.

Qeyd edək ki, hal-hazırda dünyada ən çox istifadə olunan aşağıdakı distant təhsil sistemləri vardır:

1. Open meetings;

2. Web-CT;

3. Adobe Connect;

4. E-Nocta;

5. Moodle;

6. Black Board;

7. Zoom Cloud meetings.

Burada Moodle sistemi ödənişsizdir. Bu sistem daha çox Windows və həmçinin Linux sistemlərində çalışır. Moodle sisteminin üstünlüklərindən biri onun ölçülə bilən olmasıdır. Qeyd edək ki, sistemin 210 ölkədə, 70 dildə dəstəyi olduğu üçün hər bir kəs istədiyi dili rahatlıqla seçə və istifadə edə bilirlər.

Təhsili idarəetmək üçün isə ən çox Blackboard sistemindən istifadə olunur. Bu proqramın həm müsbət, həm də ki, mənfi xüsusiyyətləri vardır. Müsbət xüsusiyyəti odur ki, əgər sistem yaxşı idarə edilərsə, çox yaxşı nəticələr əldə etmək olur. Mənfi cəhəti isə ondan ibarətdir ki, idarəetmə yaxşı olmasa, sistemdə qarışıqlıq yarana bilər.

Adobe Connect sisteminin mühüm xüsusiyyətlərindən biri keyfiyyətli video və səs dəstəyinə, onların yayımına sahib olmasıdır. Həmçinin bu sistem məzmunun idarə olunması (CMS) kimi də istifadə oluna bilir. Daha dəqiq desək bu sistemdə dərsləri arxivləşdirmək və daha sonra başqa bir vaxtda onlardan təkrar istifadə etmək olur. Müəllimlər bu sistem vasitəsilə öz təqdimatlarını (word, pdf, ppt, pptx və s.) rahatlıqla yükləyə bilir, tələbələr isə eyni zamanda mesaj vasitəsi ilə müəllimə yaza bilirlər.

Ödənişsiz və asanlıqla inteqrasiya edilə bilən sistemlərdən biri də Open Meetings Moodle sistemidir. Bu sistem müxtəlif tipli yazı formatlarını dəstəkləyir. Həmçinin bu sistemə bütün cihazlardan giriş etmək mümkündür. Open Meetings Moodle sisteminin tətbiqi zamanı bəzi hallarda proqramçı dəstəyi də lazım olur.

Zoom Cloud Meetings sisteminin həm ödənişli, həmdə ki, ödənişsiz funksiyaları vardır. Hal-hazırda müəllim və təbələr daha çox sistemin ödənişsiz funksiyalarından istifadə edirlər. Sistemə kompüter və mobil telefon vasitəsi ilə rahat şəkildə giriş etmək olur.

Qeyd edək ki, Learning Space sistemi də müəllimin mövcud olduğu tədris modelini dəstəkləyir. Bu sistemdə də hər bir tələbəyə fərdi yanaşılması təmin edilir və birgə qrup işi üçün virtual məkan yaradılır.

Hazırda Naxçıvan Dövlət Universitetində “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia” layihəsi çərçivəsində Öyrənmənin İdarə Olunması Sistemi (Learning Management System) fəaliyyətə başlayıbdı. Bu sistemdə hər bir tələbənin adı, semestr üzrə keçirilən fənlər və tədris planları sistemə daxil edilmiş, elektron mühazirə otaqları yaradılmışdır. Həmçinin sistemdə tələbələrə mühazirələrin, video dərslərin, kurs işi və sərbəst iş mövzularının çatdırılması, tələbələrin öyrənməsinə nəzarət üçün onlara test və ya açıq tipli sualların verilməsi də mümkündür.

Sonda onu qeyd edək ki, təhsildə internet tədris materiallarının yayılması üçün xüsusi vasitədir. Distant təhsil proqramı tələbə ilə öyrədici qaynaqlar arasında əlaqə quraraq təhsili reallaşdıran bir sistemdir. Məsafəli təhsil proqramlarının hər hansı bir təhsil təşkilatına qeydli olmayan şəxslərə də təhsil imkanı təmin edir. Təəssüf ki, bu gün distant təhsil sistemi üçün heç bir standart yoxdur. Buna görə də, bir çox insanlar tərəfində maddi vəsait xətrinə müxtəlif səpgidə proqram məhsulları yaradılır və satışa çıxarılır. Keçmişdən günümüzə qədər keçən bir dövrdə həyata keçirilmiş bütün nəzəri və praktik təcrübələr göstərir ki, təhsilin ən yüksək səviyyəsi daha çox müəllim tərəfindən idarə olunan tələbə qruplarından əldə edilir.

TALEH XƏLİLOV

Naxçıvan Dövlət Universitetinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, Respublika Təhsil Şurasının üzvü