Elşadsız günlər


Dünyada insan üçün müqəddəs, əziz çox şeylər var. Onların içərisində ən toxunulmazı, müqəddəsi, unudulmazı Vətəndir. Vətən bizim doğulduğumuz, boya-başa çatdığımız, yaşadığımız, nənə-babalarımızın dəfn olunduğu yerdən başlayır.
Artıq iyirmi iki ildir ki, igidlər, ərənlər məskəni olan, Sultan bəy kimi el qəhrəmanının at oynatdığı, ermənilərə meydan oxuduğu torpaqlarımıza, uca dağlarımıza, bərəkətli, bənövşəli, nərgizli, novruzgülülü yerlərimizə həsrət qalmışıq.
İllərdir ki, Laçınsız günlər ürəyimizi parçalayır, dağlayır. Amma gün gələcək, Azərbaycanın qorxmaz oğulları işğal altında olan torpaqları geri qaytaracaq.
“Laçın yurdu” jurnalının birinci nömrəsini (2014-cü ildə) əlimə alıb oxuyarkən orada Habil Muradovun məqaləsinə rast gəldim. Məqalədə Laçın polislərinin igidliklərindən bəhs olunurdu. Laçın polisində əvəzedilməz, heç bir çətinlikdən qorxmaz olanlardan biri də Elşad Qarayev idi. Laçın Polis Şöbəsinin rəisi Akif Səlimovun rəhbərliyi altında bütün polislər xüsusi qəhrəmanlıqlar göstərmişlər.
Qarayev Elşad Ramazan oğlu 1961-ci ildə Laçın rayonunun Mişni kəndində ziyalı ailəsində dünyaya gəlib. Orta məktəbi kənddə, Bakı Bədən Tərbiyəsi Texnikumunu Bakıda bitirib. Laçın rayon mərkəzindəki idman məktəbində müəllim işləyib.
Elşad Qarayevin ən böyük arzusu polis olmaq idi. Bu arzusu onu 1988-ci ildə Laçın Rayon Polis Şöbəsinə gətirir və serjant kimi fəaliyyətə başlayır. Laçın, Şuşa, Ağdam, Ağdərə uğrunda gedən döyüşlərdə fəal iştirak edir. Həmişə ən çətin tapşırıqları yerinə yetirib, təhlükəli postlara, kəşfiyyatlara göndərilib. Həmişə də döyüşlərdə alnıaçıq, üzüağ çıxıb.
3 aprel 1991-ci ildə Şuşa rayonu ərazisində vertolyot qəzasına düşüb,nəticədə topuq sümüyü çatlayıb, həm də çiynindən zədə alıb. Mərhum telejurnalist, istedadlı şair Alı Mustafayev, alim Aydın Məmmədov və bir sıra görkəmli adamlar da həmin vertolyotda olublar.
Elşad Qarayevin göstərdiyi qəhrəmanlıqların sayı – hesabı yoxdur. Onun göstərdiyi qəhrəmanlıq özünü ən çox Laçın rayonunun Hoçaz dağında gedən döyüşdə göstərmişdir.
[29.04, 21:08] Nazenim: Bu döyüşdə Laçın polisləri xüsusi qəhrəmanlıq nümayiş etdirdilər. Sanki tale bu polisləri birləşdirmişdi. Oqtay Güləliyev, İsrafil Şahverdiyev və Elşad Qarayev. Onlar həm də yaxın dost idilər.
Elşad Qarayev Laçın polis batalyonunda rota komandiri, baş leytenant idi. Laçının Milli Qəhrəmanları, Elşad, bir dəstə polislə birlikdə 1992-ci il noyabrın 3-də daş karxanasını tutmuşdular.
Bir gün Elşad Qarayev 5 nəfər də götürüb kəşfiyyata gedir. O, hamıdan qabaqda gedirdi. Qarşılarına “UAZ-469” markalı erməni maşını çıxdı. Dərhal maşını avtomat atəşinə tutdu. Maşındakı lar erməni ordusunun rütbəli şəxsləri idi. Onların beşini də güllələdi. Erməni podpolkovniki Nerjon Barsakoviç Xandzadyandan hərbi – kəşfiyyat xəritəsini götürmüşdü. Onlardan götürülmüş məxfi sənədlər Respublikanın Daxili İşlər Nazirliyinə göndərildi.
Füzuli cəbhəsində vuruşdu, bu bölgədəki Laçın polis batalyonunun rota komandiri, sonra Ağcabədi Taxtakörpü qəsəbəsində sahə müvəkkili, 1997-ci ildən Laçın Rayon Polis Şöbəsindən Bakı Şəhər Baş Polis İdarəsinə, buradan da Qaradağ rayonuna ezam edilmişdir. Qaradağ rayonunun Sahil qəsəbəsində sahə müvəkkili işləyirdi. Öz vəzifəsinin öhdəsindən bacarıqla gəlirdi.
1999-cu il sentyabrın 27-də Dövlət Yol Polisi postundan evə qayıdarkən vaxtsız əcəl onu aramızdan apardı. Qarabağın od-alovundan, qızğın döyüşlərindən sağ çıxan döyüşçü Qaradağda faciəli surətdə həlak oldu.
O, torpaqlarımızı qorumaq, o yerlərə qayıtmaq arzusu ilə yaşayırdı. Onun arzularının gerçəkləşdiyi gün gələcək. Özü həyatda olmasa da, bu günü bütün azərbaycanlılar, onun övladları Elmir, Samir və nəvəsi Hüseyn görəcəkdir.
Laçın rayon 7 N-li tam orta məktəbinin dəhlizində Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyev və onun döyüş yoldaşı, həmin məktəbdə idman müəllimi işləmiş Qarayev Elşad haqqında guşə hazırlanıb. Bu guşə dərs dediyim sinfin önündədir. Hər sinfə girəndə o şəkillərə baxmamış içəri keçmirəm. Bir bacı kimi mən onunla qürur duyuram. Heç vaxt təriflənməyi sevməzdi. Amma onun göstərdiyi şücaət misilsizdir.
Elşad Qarayevin bu xüsusiyyətlərə malik olması, Vətənə bağlılığı onun valideynlərinin nəticəsi idi. Atası Ramazan müəllim, anası Qüdrət xanım Elşad kimi oğulla fəxr edirlər. Çünki Elşad tək onların deyil, Azərbaycan xalqının igid oğludur.


Sayad QARAYEVA
Laçın rayonunun Mişni kənd sakini, Laçın rayon 7 N-li tam orta məktəbin ibtidai sinif müəllimi