İKİNCİ TƏQDİMAT: Mirzə Şəfi Vazeh- Məlahət Mürşüdlü yazır.

Ədəbiyyatımızda şair və “Divani hikmət” ədəbi məclisinin yaradıcısı kimi tanınan Mirzə Şəfi Vazeh (1794-1852) həm də yaxşı müəllim və maarifçi idi. Gəncə şəhərində dərs dediyi mədrəsədə dünyəvi ideyaları təbliğ etmişdir. Dramaturgiyamızın banisi M.F.Axundzadə və Şərq poeziyasının tərcüməçisi F.Bodenşted onun şagirdləri olmuşdur.

Mirzə Şəfi irsinin tədqiqi və öyrənilməsi Azərbaycan ədəbiyyatşünaslığının şərəf işidir. Qeyd etmək lazımdır ki, Mirzə Şəfi haqqında həqiqətin meydana çıxarılması, onun bədii yaradıcılığının təhlili, ictimai-fəlsəfi fikirlərinin öyrənilməsi sahəsində ədəbiyyatşünaslardan Ə.Ə.Seyidzadə, S.Mümtaz, E.Enikolopov, professorlarımızdan M.Rəfili, F.Qasımzadə, H.Hüseynov, M.Qasımov və akademik A.Makovelskinin xüsusi xidmətləri olmuşdur. Bu görkəmli adlar və şəxsiyyətlər sırasında bir mirzəşəfisünast kimi Akif Bayramovun da öz orjinal və müstəsna  yeri vardır.

1850-ci ildə Tiflisdə gimnaziyada müəllimliyə başlayan M.Ş.Vazeh İ.Qriqoryevlə birlikdə “Azərbaycan dilinin müntəxəbatı” adlı kitab hazırlamışdır. Kitab iki hissədən ibarətdir. Birinci hissədə bədii ədəbiyyat nümunələri, ikinci hissədə isə “Tatar- rus dili lüğəti” verilmişdir. Onu da qeyd etmək lazımdır ki, o dövrdə Azərbaycan şifahi və yazılı dilinin inkişafında M.Ş.Vazehin böyük xidmətləri olmuşdur. O, şeirlərində olduğu kimi, pedaqoji fəaliyyətində də həqiqəti, düzgünlüyü, şərəf və ləyaqəti müdafiə etmişdir

Şair və müəllim Vazeh yazırdı:

Qoy sən həqiqəti söyləyən zaman

Qopsun min təhlükə, qopsun min tufan

Gəl baxma bunlara, ey Mirzə Şəfi

Uca tut daima arı, şərəfi

Və yaxud da:

Düzlüklə alçaqlıq çarpışan zaman

Alçaqlıq nədənsə qazanır hər zaman – deyərək müasirlərini “öz mənliyinin dar sarayından” çıxmağa səsləyirdi.

Bəs bizlər həqiqəti söyləyə bilirikmi? Yoxsa “mənliyimizin dar sarayından” düzlərin alçaqlar tərəfindən yenildiyini seyr edirik?