LAÇIN QOXULU MİSRALAR…

Arif Gürşadoğlunun Laçın həsrətli şeirlərini təqdim edirik.

LAÇINDA…

Yaradandan bircə arzum var mənim,

Kölgə olub görünəydim Laçında.

Bir anlıq zirvədə görünmək üçün,

Sisə dönüb sürünəydim Laçında.

***

Torpağımın həsrəti var canımda,

Yurd-yuvamın nisgili var qanımda,

Əcəl imkan verə, ölüm anımda,

Kəfənimə bürünəydim Laçında.

***

Min arzu-xəyal var başımda mənim,

Həsrət sipər çəkib qarşımda mənim,

Arifəm, elə bu yaşımda mənim,

Tikə-tikə bölünəydim Laçında.

Kəfənimə bürünəydim Laçında…

Vətənsiz ölmək qorxusu.

Bulaqlarla qaynayaram-daşaram,
Dağlarla-daşlarla qucaqlaşaram,
İt damında itlə birgə yaşaram,
Məni qürbət eldə dindirmə, Allah!
Vətəni görməmiş öldürmə, Allah!

***

Həsrət qaldım obaya mən, elə mən,
Tamarzıyam bircə şirin dilə mən.
Alovlanım, yanım dönüm külə mən,
Yağıya-düşmənə güldürmə, Allah!
Vətəni görməmiş öldürmə, Allah!

***

Laçın əl uzadır, yetişmir əlim,
Yurdum viran qalıb, hardadı elim???
Arzumdu: Dağların qoynunda ölüm,
Ruhumu zirvədən endirmə, Allah!
Vətəni görməmiş öldürmə, Allah!
Laçını görməmiş öldürmə, Allah!!!

BAŞ DAŞIMA LAÇINLIYDI YAZILSIN

Mənim Kəbəm, and yerimdi o dağlar,
Quşqonmaz qayalar, bülbüllü bağlar,
Ümüdimsiz, pənahımsız, a dağlar,
Son məzarım vətənimdə qazılsın,
Baş daşıma Laçınlıydı yazılsın.

***

Qaçqınlıq ömrümə yağan bir yağış,
Nisgil qucaq-qucaq, dərd naxış-naxış.
Gəzsəm də dünyanı mən qarış-qarış,
Son məzarım vətənimdə qazılsın,
Baş daşıma Laçınlıydı yazılsın.

***

Namərdlər atlıdı, mərdlər piyada,
Doğmalar baş əyir düşmənə, yada.
Arifəm son arzum budur dünyada,
Son məzarım vətənimdə qazılsın,
Baş daşıma Laçınlıydı yazılsın.

Laçın, sənə dönəcəm!

Ruhuma qüvvət verir hər maneə, hər əngəl,
Gücüm birə beş artır, vaxtsız əcəl, yaxın gəl!!!
Bu yoldan döndərəmməz, yüz fitnə, milyon kələk,
Laçına qovuşmamış nə əzrayıl, nə mələk?

***
Razıyam, lap sürünüm dərə boyu, dağ boyu,
Cəsədim də olmasın, görünməsin “ağ boyum”.
Dərəndən su içməsəm, qarışmasam şehinə,
Qoy Ruhum həsrət qalsın yurd-yuvamın mehinə!

***
Zarıncı qalsam belə, lal olub dinməyəcəm,
Donacam şaxtalarda, Sənsiz isinməyəcəm.
Dərələrdə mamıra, dağda çənə dönəcəm,
And içirəm adına, Laçın, sənə dönəcəm!
And içirəm adına, Laçın, sənə dönəcəm!

Arif Gürşadoğlu