Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans

        Mayın 22-də  Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində mövcud vəziyyət və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans keçirilib.

     “Microsoft Teams” platforması üzərindən keçirilən konfransda Təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman liseylərinin, uşaq-gənclər idman və şahmat məktəblərinin və uşaq-gənclər inkişaf mərkəzlərinin direktorları iştirak edib.

       Videokonfransda nazir müavini Firudin Qurbanov COVİD-19 pandemiyasının təsirlərinin minimallaşdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən atılan ciddi addımların və müvafiq göstərişlərin əhəmiyyətini vurğulayaraq koronavirusun yayılmasının qarşısının alınmasına nail olunduğunu bildirib. Nazir müavini qeyd edib ki, ölkəmizdə virusa yoluxanların sayının az olması görülən tədbirlərin faydalılıq əmsalının yüksək faizini təsdiq edir. Dünya Səhiyyə Təşkilatı Azərbaycanda bu istiqamətdə görülən işləri yüksək qiymətləndirərək bunu bir daha təsdiq edir.

       Nazir müavini daha sonra verilmiş tapşırıqların icra vəziyyəti, pandemiya dövründə tədrisin davamlılığını təmin etmək məqsədilə nazirlik tərəfindən görülən işlər barədə məlumat verib.

       Firudin Qurbanov çıxışında mart ayından başlayaraq məktəbdənkənar təhsil müəssisələrinə verilmiş tövsiyə və tapşırıqlara uyğun olaraq həmin müəssisələrdə tədrisin məsafədən təşkil edilməsi və bu məqsədlə istifadə edilən “Microsoft Teams” və digər onlayn platformalara bu günədək minlərlə şagirdin qoşulması və hazırda bu prosesin davam etdirilməsi barədə danışıb. Bundan əlavə uşaq və gənclərin fiziki və yaradıcılıq imkanlarının inkişaf etdirilməsi məqsədilə bir sıra yerli və beynəlxalq səviyyəli onlayn yarışların, müsabiqələrin, virtual sərgi və digər tədbirlərin həyata keçirildiyini və hazırda bir sıra müsabiqələrin davam etdiyini qeyd edib.

       Firudin Qurbanov konfrans iştirakçılarına şagirdlərin məktəbdənkənar fəaliyyətə cəlb olunması, təlim tərbiyə prosesinin təşkili, nizam-intizam qaydalarına riayət edilməsi, təhlükəsizlik tədbirlərinin icrası işinin yaxşılaşdırılması, həmçinin uşaq-gənclər idman-şahmat məktəblərində 2019-2020 tədris ilinin yekunu olaraq qrupdan-qrupa keçid və buraxılış normativlərinin qəbulu ilə bağlı müvafiq təkliflərin hazırlanmasına dair tövsiyə və tapşırıqlarını verib.

       Həmçinin görüşdə məktəbdənkənar təhsil müəssisələrində mövcud vəziyyət, qarşıda duran vəzifələr, növbəti tədris ilinin təşkilinə dair fikir mübadiləsi aparılıb, gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib.

      Qeyd edək ki, karantin dövründə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri tərəfindən yaradıcılıq istiqaməti üzrə respublika səviyyəli “Biz birlikdə güclüyük”, “Heç kim unudulmur, heç nə yaddan çıxmır” rəsm müsabiqələri, “Evdə qalaq, evdə yaradaq!” yaradıcılıq festivalı, “Gələcək naminə birlikdə!” videoçarx müsabiqəsi, “Evdə qalaq, nəğmə deyək” mahnı müsabiqəsi, ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Ürəklərdə yaşayan Ulu Öndər” adlı virtual sərgi və dəyirmi masalar həmçinin beynəlxalq səviyyəli “Qavaldaş” – zərb çalğı alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin III Respublika və I Beynəlxalq festival-müsabiqəsi, “Bu günün alimi“ (Scientist for a day) inşa-yazı müsabiqəsi, “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində gənclərin V Ekoloji Forumu və digər tədbirlər həyata keçirilib.

      Karantin dövründə uşaq və gənclərin fiziki hazırlığının təmin edilməsi şahmat üzrə respublika birinciliyi, 17 yaşadək şahmatçılar arasında Qran-pri turniri, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə 43 ölkənin iştirakı ilə “Beynəlxalq təhsil kuboku” və digər idman tədbirləri təşkil olunub.