Millət vəkili: Uşaq baxçalarının Təhsil Nazirliyinə verilməsi gözlənilir

“Deputatlar, ekspertlər dəfələrlə uşaq baxçalarnın yerli icra hakimiyyətə orqanlarından alınaraq Təhsil nazirliyinə verilməsi barədə təkliflərlə çıxış eytsə də nəticəsi olmayıb. Lakin Ombudsmanın da bu məsələyə müdaxilə etməsi və uşaq baxçalarının yerli icra hakimiyyəti orqanlaırndan alınaraq Təhsil nazirliyinə verilməsi bizdə böyük ümid yaradır”.

Eduxeber.az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında deputat Etibar Əliyev deyib.

Onun sözlərinə görə, aprelin 24-də  Milli Məclisdə Ombudsamanın illik hesabatı  dinlənildi.

“Məruzədə məktəbəqədər təhsil müəssisələrinin (uşaq baxçalarının) fəaliyyətindəki qüsurlar da yer almışdı. Əslində biz təhsil ekspertləri kimi uşaq baxçalarının təhsil nazirliyinin tabeçiliyinə verilməsi barədə dəfələrlə məsələ qaldırmışıq. Lakin müsbət nəticəsi olmayıb. Ombudsamanın hesabatında bu məsələnin yer alması probleminin tezliklə həll olunmasına ümidləri artırır. Həmin sənədin “Təhsil hüququ” bölməsində qeyd olunub ki, müvafiq sahədə mövcud olan problemlərin əks edilidiyi müraciətlər üzrə aparılmış araşdırmalar, həmçinin müşahidələr göstərir ki, həm uşaq baxçalarında mövcud yerlərinin sayı müvafiq ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların sayına uyğun deyil, həm də uşaqların bu müəssisələrə qəbulu zamanı ciddi qanun pozuntularına və neqativ hallara yol verilməkdədir: 

“Xüsusi olaraq qeyd edilməlidir ki, övladının aidiyəti üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul edilməsi ilə bağlı müraciət edən valideynlərə demək olar ki, hər bir halda imtina edilib. 

Ümumiyyətlə, ötən dövrlərdən etibarən məktəbəqədər təhsilə olan ehtiyacın yerli icra hakimiyyətləri tərəfindən düzgün qiymətləndirilməməsi, təmirə və yenidənqurmaya ehtiyacı olan mövcud baxçaların müasir tələblərə uyğunlaşdırılması üzrə tədbirlərin həyata keçirilməməsi narahatlıq doğurur”- sənəddə qeyd olunub, deyə deputat bildirib.

 O əlavə etdi ki,  mövcud problemin Ombudsmanın hesabatında  əksini tapması  problemin yaxın gələcəkdə müsbət həllini tapacağına ümid yaradır.