MÜƏLLİM-TƏLƏBƏ ƏMƏKDAŞLIĞI: YENİ YANAŞMALAR

Pedaqogika üzrə elmlər doktoru, professor  Əjdər AĞAYEV

İnsanlararası münasibət və əməkdaşlıq bəşər övladlarının ilkin sosial inkişafı dövründən bu günə qədər aktualdır.

            Elm, texnika, texnologiyalar nə qədər inkişaf etsə də, insanın təşkil və təsir qüvvəsi, ruhu, duyğu və zəka amili aparıcı mövqeyini həmişə saxlamaqdadır.

Bəzi futuroloqlar  elmin, texnologiyaların, elektron sistemlərin inkişafını və sosial-iqtisadi həyata, peşəkarlığa dəyişdirici təsirini nəzərə alaraq, zaman keçdikcə insanların sosial münasibətlərinin zəifləyəcəyini, hətta müəllimin əvəzinə maşınların (robotların) öyrətmə funksiyasını tam üzərinə götürəcəyini güman edirlər.  Düşünürəm ki, belə hissiz, duyğusuz öyrətmə texnologiyalarından aşa bilmək üçün sosial münasibətlərin, əlaqə və əməkdaşlığın qorunmasına, inkişaf etdirilməsinə səy azaldılmamalıdır. İnsanlararası münasibətlər, hətta baxışın, sözün, jestin təsiri sıxışdırıldıqca, elektron sistemlər genişləndikcə, insanilik, xeyirxahlıq, humanizim və digər mənəvi keyfiyyətlər azalır. Buna görə də, texnoloqlar texnologiyaları inkişaf etdirdikcə humanistlər və humanitarlar da humanizmi, yəni insaniliyi möhkəm-möhkəm qorumalı və müasir faydalı keyfiyyətlərlə zənginləşdirməlidirlər. Bu məsələdə insanı şəxsiyyət kimi formalaşdıran genetik amilin, mühit və tərbiyə amillərinin müstəsna rolu vardır. Bu amillər münasibət və əməkdaşlığın məzmununa və keyfiyyət səviyyəsinə də təsir edirlər.

Ailə mühiti başlıca olaraq valideyn-övlad münasibətlərini və  əməkdaşlığını formalaşdırırsa, təhsil mühiti öyrədən-öyrənən münasibətlərini, əməkdaşlığını inkişaf etdirir.

Müəllim-tələbə əməkdaşlığı demokratik mövqeyə, insaniliyə hörmətə, qarşılıqlı anlaşmaya, şəxsiyyətin hesaba alınmasına, diqqət və qayğıya, bəşəri sevgiyə, qanunların, qaydaların gözlənilməsinə, davranış mədəniyyətinə real olaraq əsaslanarsa, öyrənənlərin yalnız biliklərə deyil, yüksək mənəvi keyfiyyətlərə yiyələnməsi həyata keçirilir, nəticədə insani mükəmməllik, şəxsiyyət bütövlüyü meydana çıxır.

Müəllim-tələbə əməkdaşlığının səmərəliliyinin təmin edilməsi məşğələlərlə bitmir, bu proses ictimai işlərdə, dərsdənkənar tədbirlərdə və s. davam edir.

Əməkdaşlığın effekliliyi üçün tədris müəssisəsində insanların normal ünsiyyət və əməkdaşlıq mühiti olmalıdır. Yaxşı olar ki, bu, hamının gözlədiyi rejim səviyyəsində olsun. Hər bir təhsil ocağında rəhbər-əməkdaş münasibətlərinin mədəniyyət normallığı, öyrənənlərin qarşılıqlı ünsiyyət və əməkdaşlıq səviyyəliliyi, valideyn-müəllim münasibətlərində ziyalılıq nümunəsi istənilən mühitin yaranmasını şərtləndirir.

Mühitin olması hər bir insanın mövcud mühitin tələbinə uyğun fəaliyyət göstərməsini təmin edir. Əgər müvafiq normal mühit varsa, o zaman heç kəs tələblərdən kənara çıxmır və beləliklə, əməkdaşlıq rejimi yaranır.

Deyilənlərdən alınan nəticələri sxemlərlə təqdim edək:

Müəllim-tələbə əməkdaşlığında tələb olunan keyfiyyətlər

Müəllimdən tələb olunanlar:

  • Demokratiklik
  • Sözü bütövlük
  • Həssaslıq
  • İşgüzarlıq
  • İxtisasa mükəmməl bələdlik
  • Təmkinlilik
  • Peşəyə sevgi
  • Öyrənənə qayğı
  • İnnovasiya və texnologiyalara bələdlik
  • Şəffaflıq
  • Təmənnasızlıq
  • Alicənablıq
  • Rəğbətləndirmədə stimullaşdırıcılıq və s.

Öyrənəndən tələb olunan keyfiyyətlər:

  • Maraq göstərmək
  • Həvəsli olmaq
  • Səylilik
  • İnamlılıq
  • İşgüzarlıq

Göründüyü kimi, müəllim-tələbə əməkdaşlığının tələbələrin intellektual hazırlığında, mənəvi keyfiyyətlərə yiyələnməsində, nəhayət şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyəti vardır.