Ölkədəki özəl orta məktəblərin fantastik qiymətləri…

Araşdırma zamanı məlum olur ki, bu qiymətlər 1500 manatdan başlayaraq, 40 min ABŞ dollarına qədər yüksəlir

Son vaxtlar özəl məktəb və liseylərin sayında ciddi artımın şahidi oluruq. Maraqlıdır, bəs özəl məktəblər dövlət məktəbləri ilə müqayisədə hansı fərqliliklərə malikdir?

Özəl məktəb və liseylər dedikdə, ilk ağlımıza gələn bu təhsil müəssisələrin təhsil ödənişləri olur. Araşdırmamız zamanı məlum olur ki, bu qiymətlər heç də az deyil, hətta həddindən çox yüksəkdir. Belə ki, ödənişlər 1500-2000 manatdan başlayaraq 40 min ABŞ dollarına qədər davam edir.

Özəl təhsil müəssiələrinin əksəriyyətində təhsil məktəbəqədər təhsildən başlayır. Məsələn, “The International School of Azerbaijan” məktəbində valideynlər uşaqlarının məktəbə hazırlığı üçün 11 min ABŞ dolları ödəməlidir. 1-ci sinifdən 9-cu sinfədək isə təhsil haqqı illik olaraq 34 min ABŞ dolları təşkil edir. 9-cu sinifdən yuxarı  təhsil haqqı təxminən 40 min ABŞ dollarıdır.

Yaxud Baku Oxford School tam orta ümumtəhsil məktəbinin illik təhsil haqqı 15 500 manatdır. Burada 1-ci sinifdən 11-ci sinfə qədər təhsil haqları eynidir. Bu məbləğə servisdən başqa hər şey daxildir.

Məktəbin Şəmkir filialında illik təhsil haqqı 7000 manatdır. Məktəbə bir evdən iki uşaq gedəndə bir nəfər üçün 10 faiz endirim edilir. Həmçinin bu məbləğ 10 aya bölünür və valideyn hər ayın müəyyən olunmuş günündə təhsil haqqını ödəyir. Məktəbdə 8-ci sinifdən başlayaraq şagirdin xaricdə təhsil almasını nəzərə alıb, onu həmin istiqamət üzrə hazırlayırlar.

Bakı Fransız Liseyi Təhsil Kompleksində ibtidai siniflərdə təhsil haqqı 13000 manat, aylıq 1300 manatdır. Yuxarı siniflər üçün illik təhsil haqqı 14000, aylıq isə 1400 manat təşkil edir.

Bakı İstedadlar və Təhsil Kompleksində təhsil ingilis dilindədir. Burada ibtidai siniflər üçün illik təhsil haqqı 14900, yuxarı bölmə üçün 15900 manatdır. Güzəşt yalnız SOCAR işçilərinə tətbiq edilir.

İngilis dilində təhsil verən Oxbridge Academy məktəbində 1-ci sinifdən başlayaraq 6-cı sinfə qədər (6-cı sinif də daxil olmaqla) illik təhsil haqqı 6500 dollardır. 7,8,9-cu siniflər üzrə 7500 dollar, 10 və 11-ci siniflər üzrə 8500 dollar, 12,13-cu siniflər isə 10500 dollardır.

Bakı Atatürk Liseyində isə qiymətlər sadaladıqlarımızla müqayisədə xeyli aşağıdır. Belə ki, burada birinci il üçün illik təhsil haqqı 2000 manat, növbəti ildən isə 1000 manatdır. Liseydə tədris 3 hissəyə bölünür: 1-ci sinifdən 5-ci sinfə qədər, 5-ci sinifdən 8-ci sinfə qədər, 9-cu sinifdən 11-ci sinfə qədər. Dövrlər üzrə bağlanan müqaviləyə əsasən təhsil haqları ödənilir. Müqavilə bitəndən sonra artım olarsa, bu, nəzərə alınır.

Ölkəmizdə Özəl Təhsil müəssisələri haqda araşdırmalarmız davam edəcək.

Növbəti yazıda digər özəl təhsil müəssisələri haqda da məlumat veriləcək. Eyni zamanda yüksək ödəniş tələb olunan, ancaq təhsilin səviyyəsinin bərbad olduğu təhsil müəssisələri haqda da ciddi araşdırmalarımız olacaq.