Operativ qərargahdan operativ “işləyən”lər də var…

Məlum olduğu kimi, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiqi ilə bağlı qərar qəbul etmişdir.

Təəssüflər olsun ki, paytaxt və bölgələrimizdə bu qaydalara əməl etməyən vətəndaşlarımız heç də az deyil. Həm özünün, həm də ətrafdakı insanların həyatnın təhlükə qarşısında qoymaqla ciddi qayda pozuntusuna yol verirlər.

Bununla bağlı elektron ünvanımıza çoxlu sayda məktublar daxil olmaqdadır. Belə məktublardan birini- valideynlər tərəfindən yazılmış məktubu oxucuların diqqətinə çatdırırıq.

“Eduxeber.az saytına məktub. Diqqətinizə çatdırmaq istəyirik ki, Quba rayon Rizvan Cəbrayılov adına Təngəaltı kənt tam orta məktəbinin ibtidai sinif müəllimi Məmmədova Nigar Əli qızı Respublikamızda tətbiq olunan və bütün növ təlim-tədris prosesinin dayandırılması ilə nəticələnən xüsusi karantin rejiminin tələblərini kobud şəkildə pozaraq öz evində ödənişli olmaqla (hər fənn üçün ayrılıqda 25 manat) həftədə bir neçə gün olmaqla, valideynlərin etibarından sui istifadə edərək ibtidai sinif şagirdləri üçün şagird hazırlığı həyata keçirir. Nazirlər Kabineti yanında Operativ Qərargahın repititorlar tərəfindən hazırlıqlara aprelin 27-dən icazə veriləcəyi barədə məlumatlar yayılsa da, Nigar müəllimə bu prosesə aprelin 3-dən başlamışdır. Əksər evlərdə ibtidai siniflərdə təhsil alanların olmasını nəzərə alsaq demək olar ki, bütün kənd sakinlərinin həyatı təhlükə qarşısındadır. Sizdən artıq dərəcədə xahiş edirik ki, bu xəbərimizi saytınızda işıqlandırasınız.

Ümid edirik ki, övladlarımızın və bizim həyatımızı təhlükə qarşısında qoyan Nigar müəllimənin qanunsuz əməllərinə aidiyyati dövlət orqanları tərəfindən müvafiq ölçü götürüləcək və İnzibati xətalar, eləcə də cinayət məcəlləsinin müvafiq maddələrilə barəsində tədbir görüləcəkdir.

Qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.