Respublika Təhsil Şurası İdarə Heyətinin onlayn iclası keçirilmişdir

02 may 2020-ci il tarixində Respublika Təhsil Şurası İB-nin İdarə Heyətinin onlayn iclası keçirilmişdir. 

EDUXEBER.AZ xəbər verir ki, iclasın gündəliyində duran əsas məsələlərdən biri postpandemiya şəraitində Təhsil Şurasının üzərinə düşən öhdəliklər və görəcəyi işlər olmuşdur. İdarə Heyətinin sədri, professor Hikmət Əlizadə bildirmişdir ki, karantin dövründə Təhsil Şurası ictimai birliyi imkanları daxilində fəaliyyətini davam etdirməyə cəhd göstərmiş, bu şəraitin təhsil və təlim prosesinə təsirini təhlil etmişdir. İndi artıq TŞ karantinin aradan qaldırılmasından sonrakı durumla əlaqəli olaraq daha aktual sahələrdə konkret işlər görməlidir.
İclasın gedişində Təhsil Şurası İdarə Heyətinin üzvləri hər biri ayrı-ayrılıqda özlərinin çalışdıqları müəssisələrdə göstərdikləri xidmətlərdən bəhs etdilər və Təhsil Şurasının postpandemiya dövründə karantin dövründə yaranmış problemləri aradan qaldırmağa kömək edəcək tədbirlərin həyata keçirilməsində fəaliyyətini artırmasını təklif etdilər. Eyni zamanda karantin dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vaxtında həyata keçirdiyi qabaqlayıcı tədbirlər və Azərbaycan Respublikası Təhsil Naziri Ceyhun Bayramovun operativ qərarları ölkəmizin yaranmış vəziyyətlə əlaqədar daha az itkilərlə üzləşdiyini və buna görə də Təhsil Şurası İdarə heyəti və üzvləri adından onlara minnətdarlıq bildirən məktubların göndərilməsi qərara alındı.

Sonda güündəlikdə duran məsələ ilə əlaqədar gələn tədris ilində distant təhsil və onlayn dərslərlə bağlı olan elmi-təcrübi konfransın və UNEC-in təcrübəsindən istifadə edərək təlimlərin keçirilməsi qərara alındı.

Arif Gürşadoğlu