Şərqşünaslıq İnstitutunda “Cənubi Azərbaycanın türk (Azərbaycan) oykonimləri” kitabı çapdan çıxıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin böyük elmi işçisi Aybəniz Həsənovanın “Cənubi Azərbaycanın türk (Azərbaycan) oykonimləri” kitabı çapdan çıxıb. EDUXEBER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət kitabda ilk dəfə olaraq xalqımızın ən qədim yaşayış məskənlərindən olan Cənubi Azərbaycan ərazisindəki yaşayış məntəqə adları toplanıb və bunlar müasir toponimik səviyyədə tədqiq edilib. Bu və ya digər məqsədlə yazılmış bəzi əsərlərdəki epizodik məlumatlar istisna olmaqla, tədqiq edilən regionun toponimiyası, xüsusən onun oykonimiyası indiyə qədər nə İranda, nə də respublikamızda ayrıca tədqiqat obyekti olmayıb. Buna görə də bu əsərdə ilk təşəbbüs olaraq Cənubi Azərbaycan oykonimiyası toplanıb və sistemləşdirilib, onların qeydə alındığı mənbə və məxəzlər nəzərdən keçirilib, ayrı-ayrı paleo və mezooykonimlərin imkan daxilində ilkin forma və variantları bərpa edilib, oykonimik adların yaranma və törəmə, meydana gəlmə və normalaşma yolları müəyyənləşdirilib, leksik-semantik qrupları (etnooykonimlər, antropooykonimlər, fitooykonimlər, orooykonimlər, hidrooykonimlər, əlamət və keyfiyyət bildirən oykonimlər və s.) aydınlaşdırılıb.