Teledərslər dərs ilinin sonuna qədər davam etdiriləcək- Rəsmi

Teledərslər dərs ilinin sonuna qədər davam etdiriləcək və müəyyən olunan müddətdə proqram tam əhatə olunacaq.

EDUXEBER.AZ xəbər verir ki, bunu AzTV-nin “Hədəf” verilişinin qonağı olan Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. O bildirib ki, martın 2-də Prezident İlham Əliyevin qəbul etdiyi qərar əsasında ölkədə təhsil sisteminin fəaliyyəti dayandırılıb.

“Təbii ki, artıq martın 3-dən etibarən Təhsil Nazirliyi yaranmış vəziyyətlə əlaqədar çox çevik qərarlar qəbul etməli idi. Bu məqsədlə 11 mart tarixindən etibarən televiziya vasitəsilə teledərslər layihəsi adı altında dərslərə start verildi. İlkin mərhələdə teledərslər çox çevik başladığına görə ola bilər ki, hansısa sahələri əhatə etmirdi, amma günbəgün vəziyyət daha da yaxşılaşmağa doğru gedib. Hazırda ümumi təhsilin dövlət proqramlarında tədrisi nəzərdə tutulan mövzular bütün siniflər üzrə teledərslər vasitəsilə tədris olunur. Dərsləri müşahidə edən şagirdlər proqramda heç bir geriliyə yol verməyəcəklər. Burada şagirdlərə ev tapşırıqları verilir və onlar müstəqil olaraq bu tapşırıqları yerinə yetirirlər”, – M.Vəliyeva qeyd edib.