“…Uşaqların tərbiyəsində çubuq və sillə vurmaq onların əxlaqını pozar, təbiətlərini alçaldar.” – Mirzə Fətəli Axundzadə

ÜÇÜNCÜ TƏQDİMAT- Məlahət Mürşüdlü yazır.

Mirzə Fətəli Axundzadə (1812 – 1878) yazıçı, şair, maarifçi, materialist filosof, və ictimai xadim. Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi tənqidinin banisi, “müsəlman Molyeri” titulunun sahibi. O,1834-cü ildə Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilmişdir. .

M.F. Axundzadə eyni zamanda 1864-1878 – ci illər arasında Qafqaz Arxeologiya Komissiyasının sədri olmuşdur. O, “Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirmişdir.

“Kəmalüddövlə məktubları” fəlsəfi traktatında Kəmalüddövlənin məktublarından bir vasitə kimi istifadə edərək xalqın maariflənməsi, dünya mədəniyyətindən xəbərdar olması, onun öz azadlığı uğrunda mübarizə aparması, zəlilliyə, köləliyə, yaltaqlığa, riyakarlığa, nifaqa, məkrə, hiyləyə, qorxaqlığa, iküzlülüyə qarşı çıxması üçün yeni tipli ədəbiyyata böyük ehtiyac olduğunu söyləyən M.F.Axundzadə uşaqların tərbiyəsi ilə bağlı bu gün də aktual olan fikirlər söyləmişdir. O yazırdı:

… Uşaqların tərbiyəsində çubuq və sillə vurmaq onların əxlaqını pozar, təbiətlərini alçaldar, fitri cövhərini boğar, qorxaq və yalançı edər. Bu cür tərbiyədən sonra uşaqlardan böyüdüyü vaxt nə kimi insanlıq, mərifət, yüksək hümmət və nəcib əxlaq gözləmək olar?