“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 159 mini keçib

“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 159 mini keçib. Məqalələrin sayının artması həm keyfiyyət, həm də kəmiyyət dəyişikliyini sürətləndirir.

Eduxeber.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktor müavini Elnur Eltürk deyib. O bildirib ki, doğma dilimizdə yeni məqalələr yaradılması informasiya bazasını zənginləşdirir.

“Türkcə “Vikipediya”da işləyən istifadəçi Azərbaycan dili bölməsində gedən prosesləri izlədiyini, bölmədə keyfiyyətli məqalələr yaradılmasını məmnunluqla qarşıladığını bildirib. O, işlərin bu templə davam edəcəyi təqdirdə, yaxın illərdə böyük irəliləyişə nail olacağını söyləyib. Bu, həm də Azərbaycan dili bölməsindəki fəallıqdan xəbər verir. Azərbaycan dilində məqalələrin sayının artmasında Azərbaycan “Viki” icmasının əməyini xüsusi qeyd etmək lazımdır”, – deyə Elnur Eltürk vurğulayıb.

O diqqətə çatdırıb ki, Mərkəzi Elmi Kitabxanada bir neçə ildir “vikipediya” təlimləri keçirilir. Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimində təlimlər onlayn təşkil olunur. “Vikipediya” könüllüləri hər ay yüzlərlə məqalə yaradır və hazır məqalələri redaktə edirlər.