Yeni tədris ili ilə bağlı mətbuat konfransı keçirilib

Avqustun 27-də COVİD-19 pandemiyası dövründə 2020-2021-ci tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı mətbuat konfransı keçirilib.

Təhsil naziri Emin Əmrullayev yeni tədris ilində  təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Nazir sentyabrın 15-dən tədrisin ibtidai siniflərdə ənənəvi qaydada həftədə 2-3 dəfə olmaqla bərpa olunmasının, V-XI siniflərdə isə onlayn qaydada dərslərin keçirilməsinin planlaşdırıldığını bildirib. Qeyd edib ki, V-IX sinif şagirdlərinin 1 oktyabr,  X-XI sinif şagirdlərinin isə 15 oktyabr tarixindən ənənəvi şəkildə dərsə gəlməsi nəzərdə tutulur. Oktyabrın 1-dən həftədə 2 dəfə olmaqla məktəbəhazırlıq qruplarında tədrisin başlanması planlaşdırılır.

Ali, orta ixtisas və peşə təhsili müəssisələrinin fəaliyyətinə də toxunan nazir qeyd edib ki, sözügedən təhsil müəssisələrində tədris sentyabrın 15-dən distant qaydada təşkil olunacaq. 

Brifinqdə qeyd edilib ki, təhsil müəssisələrində sonrakı mərhələlərdə tədrisin hansı formada davam etdirilməsi ilə bağlı da mövcud şəraitə uyğun olaraq qaydaların hazırlanması, yeni qərarların qəbulu gözlənilir. 

Həmçinin bildirilib ki, valideynlərin uşaqları məktəbə göndərib-göndərməmək hüququ tanınacaq. Valideynlər məktəbləri məlumatlandırmaqla övladlarının onlayn, yaxud qarışıq üsulla – həftədə məktəbə 2-3 dəfə gəlməklə, digər dərsləri virtual qaydada keçməsini təmin edə bilər. 

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, məktəblərdə şagird və müəllimlərin təhlükəsizliyinin təmin olunması istiqamətində də ciddi nəzarət olacaq, bu işdə “Məktəblinin dostu” layihəsinin əməkdaşları  yaxından iştirak edəcək.

Sonda media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.