Yetimliyimizin 28 ili…

Yurdsuzluğumuzun Doğum Günü may ayındadır…

1992-ci il mayın 12-i hava çox çiskinli-yağışlı idi. Bir neçə gün əvvəldən başlanan yağış hələ də davam edirdi. Qardaşım Şahinlə birlikdə örüşdə heyvanlarımızı otarırdıq. “Zoğallıq” dan keçirdik “Qırmığ” istiqamətinə. Birdən qonşumuz rəhmətlik İbrahim kişi gəldi (biz ona Dədə deyə müraciət edərdik) və dedi ki siz gedin evə heyvanları axşamacan mən otararam. Ürəyimə nəsə dammışdı sanki. Elə bil hiss edirdim ki, bu yerlərə bir də qayıtmayacam. Rəhmətlik Əlif əmigilin evinin qabağına çatanda artıq hər şey məlum idi. Kənddən uşaqlar, qadınlar çıxarılırdı. “Tək qoz”un dibində necə səslə ağlamağım heç yadımdan çıxmır. Şahin hey təskinlik verirdi mənə. Deyirdi ki, martda da getmişdik, gördün ki, qayıtdıq gəldik, yenə qayıdacağıq evimizə…

Mart ayında Ağcabədidə fermalarda yaşayana qohumlarımızın yanına getmişdik. Bir müddət dayımgildə qaldıq. Orda qaldığımız müddətdə baş verənlər hər an gözümün qabağındadı. Heç xatirimdən çıxmır, axırıncı çərşənbə günü heç cür tonqalın yaxınına gedə bilmədim. Kəndimizi istəyirdim. Evdən çıxdım getdim. Heç haranı da tanımırdım. Çünki hər tərəf düzü-biyabanlıq idi. Kanalın qırağında oturub doyunca ağladım. Sonda yenə qardaşım və bacılarım gəlib tapdılar məni. Bir neçə gündən sora kəndçimiz Zahid dayının maşını ilə kəndimizə qayıtdıq. Ağcabədidən kəndimizə qədər yük maşınına yığılmış otun üstündə getdik. Nəhayət kəndimizə çatmışdıq. Maşın qəbristanlığımızın yanına çatanda maşının yük yertindən tullanıb “”Yanıq düzün döşü” ilə bostan yerimizə- “Əsədlərin çəpərinə” qaçmışdım…

… Hamıyla görüşəndən sora Əliş əminin maşınıyla yola çıxdıq. Kəndimiz gözdən itənə qədər bir dəfə də olsun qabağa baxmadım. Lap arxada oturub heeey kəndimizə baxırdım. Bütün kəndimizə ayaqdan-başaqədər baxandan sora, qəbrisatnlığın yanından son dəfə evimizə baxdım (yenə ağlayıram, yazmaq belə çox çətindi). “Ər təpə” gözdən itənə qədər gözümü çəkmədim.

Yenə Ağcabədi, yenə Mişni obası (mal ferması). Ancaq bu dəfə burda az qaldıq. Ertəsi gün rəhmətlik Ayna nənəm, bacım İlhamə və mən Bərdəyə- mamamgilə (bibim) getdik. Mamamgil Əyricədə camışçılıq fermasında yaşayırdılar. Heç cür qala bilmirdim burda. Bir müddətdən sora kənd qonşumuz olan Yunis dayıgil də bura gəldilər. Biraz özümüzə gəlmişdik. Hər gün Habil (Sonra Qarabağ müharibəsində Cəbrayıl istiqamətində gedən döyüşlərdə Şəhid oldu və bu günə qədər də məzarı yoxdu) və Nazimlə (Avtomobil qəzasında dünyasını dəyişib, məzar daşında Habillə ikisinin şəkli həkk olunub) birlikdə balığa gedərdik, çayda çimərdik…

Nəhayət, Qaradağ rayonu Sahil qəsəbəsi. N. Nərimanov adına Neft-qazçıxarma idarəsinin yataqxanasında məskunlaşdıq. Bütün ailəmiz bir otaqda qalırdıq. Hər gün döyüşlər, yaralılar, Şəhidlərimizin olması haqda xəbərlər gəlirdi. Məskunlaşdığımız yataqxananın yaxınlığında Hərbi Qospital var idi. Demək olar ki, hər gün çoxlu sayda vertolyotlarla yaralılar daşınırdı.

Bir müddətdən sonra xoş xəbərlər gəldi! Döyüşçülərimiz Laçın istiqamətində uğurlu əməliyyatlar keçirib. Kəndlərimizin çoxu, eləcə də bizim kəndimiz azad olunub. Atamgil bir neçə nəfərlə birlikdə Kəlbəcər istiqamətindən Laçına qayıtdılar. Geri qayıdanda atam evimizdən rəhmətlik əmimin bir neçə şəklin və bir albom gətirmişdi. Təəssüf ki, bu əməliyyatların da sonu məğlubiyyətlə oldu. Hansı ki, bütün olanların ancaq bir adı var-XƏYANƏT!!!

Artıq 28 il ötür! Düz 28 ildir ki, Laçında laçınlı yox, Berdzorlu doğulur!

Berdzorda doğulan ermənilərin artıq öz uşaqları da doğulub…

Arif Gürşadoğlu